Azərbaycan TDT turizmə məsul nazirlərinin səkkizinci toplantısında təmsil olunub

Azərbaycan TDT turizmə məsul nazirlərinin səkkizinci toplantısında təmsil olunub

Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) turizmə məsul nazirlərinin 8-ci toplantısı keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə son illərdə Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayının artdığını qeyd edib.

O bildirib ki, 2023-cü ilin doqquz ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32%, 59%, 20%, 91%, 78%, 188%-lik artımlar müşahidə edilib. Kənan Quluzadə, həmçinin, şəhərlər arasında birbaşa uçuşların sayında da artımın qeydə alındığını və prosesin qarşılıqlı olduğunu diqqətə çatdırıb.

Sədr müşaviri Azərbaycanın 2023-cü ilin sonunadək ümumilikdə iki milyona yaxın əcnəbi vətəndaşı qəbul edəcəyini, bu rəqəmin 2026-cı ildə dörd milyona çatmasının gözlənildiyini bildirib.

O qeyd edib ki, 2026-cı ildə turizmdən gələn gəlirlərin 10 milyard manata çatdırılması proqnozlaşdırılır.

Bundan əlavə, tədbirdə Şamaxı şəhərinin 2023-ci il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi layihəsi ilə bağlı iştirakçılarına məlumat verilib. Toplantının nəticəsi olaraq 2024-cü il üçün Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının turizm paytaxtı seçilib.

Tədbir oktyabrın 12-də keçiriləcək “Türküstan: Türk Dünyasının Turizm Paytaxtı” beynəlxalq forumu ilə işini davam etdirəcək. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.

Share this content:

Post Comment